Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı
Azərbaycan İpoteka Fondu ipoteka kreditləşməsi sisteminin inkişafı ücün bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir. Bu məqsədlə Fond beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Beynəlxalq təşkilatlar ilə texniki əməkdaşlıq barədə müqavilələr imzalanmış və ekspertlərin cəlb olunması təmin edilmişdir.
Bu istiqamətdə öz səylərini davam etdirərək, Azərbaycan İpoteka Fondu Beynəlxalq Mənzil Maliyyələşməsi Birliyinə (IUHF) üzv qəbul olunmuşdur. Qeyd edək ki, AİF IUHF-yə üzv olmaqla texniki və strateji dəstəklə yanaşı, Azərbaycanda ipoteka kreditləşməsi sistemini təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması imkanını əldə edəcək.
Qeyri-kommersiya təşkilatı olan IUHF dünya üzrə fəaliyyət göstərən ipoteka krediti institutlarını bir araya gətirilməsi məqsədilə 1914-cu ildə Londonda yaradılmışdır. Təşkilat mənzil siyasəti sahəsində çalışan üzv təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə bu sahədə baş verən yeni tendensiyalar və hadisələrə dair hesabatlar yayır. Təşkilat həmçinin keçid iqtisadiyyatı yaşayan və inkişaf etməkdə olan ölkələrdə yeni yaradılmış mənzil maliyyələşməsi təşkilatlarına yardımlar da göstərir. Hazırda bir çox dünya ölkələrini təmsil edən onlarla üzvü vardır.