İpoteka krediti almaq üçün vətəndaşların gəlir səviyyəsi

və mülkiyyət şərtlərinə uyğun olması vacibdir


Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

  • Kredit Azərbaycan manatı ilə verilməlidir;

  • Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

  • Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

  • Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;

  • İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;

  • Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;

  • Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;

  • Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;

  • İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;

  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;

  • İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;

  • Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;

  • İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;

  • İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;

  • Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;

  • Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;

  • İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;

  • İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;

  • Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir;

  • Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.

İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

  • Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: şəhidin övladları; Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları; Azərbaycanın Milli Qəhrəmanının övladları; Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs; Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs; İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;

  • Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;

  • şəhid ailəsinin üzvü (əri/arvadı);

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);

  • Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

İpoteka krediti müraciət qaydalarını araşdırın

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Şərt

Maksimal məbləğ

İpoteka kreditləri 150.000 AZN

Güzəştli ipoteka kreditləri: 100.000 AZN

Şərt

Maksimal müddət

İpoteka kreditləri 25 il

Güzəştli ipoteka kreditləri: 30 il

Şərt

Minimal ilkin ödəniş

İpoteka kreditləri 15%

Güzəştli ipoteka kreditləri: 10%

Şərt

Maksimal illik faiz dərəcəsi

İpoteka kreditləri -

Güzəştli ipoteka kreditləri: -

Şərt

Zəmanət verilməmiş kreditlər üzrə

İpoteka kreditləri 8%

Güzəştli ipoteka kreditləri: 4%

Şərt

Zəmanət verilmiş kreditlər üzrə

İpoteka kreditləri 7%

Güzəştli ipoteka kreditləri: 3,7%

İpoteka krediti üçün təqdim 

edilməli olan əsas sənədlər siyahısı:


İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:

  • Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;

  • Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

  • Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

  • Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;

  • Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:

  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;

  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

İpoteka kreditinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

  • İpoteka müqaviləsinin (Qarışıq müqavilə) əsli və onun dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər, ipoteka kağızının elektron sistemindən çıxarış;

  • Borcalanın (borcalanların) həyat və ipoteka predmetinin sığortalanmasının və sığorta haqqlarının ödənildiyini təsdiqləyən sənədlər.

Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri


1

Kredit üçün müraciət

İpoteka krediti almaq istəyən şəxs müvəkkil banka müraciət edərək və ya birbaşa özü elektron sistem vasitəsilə kredit üçün ərizə təqdim edə bilər. Elektron müraciət zamanı şəxsə unikal qeydiyyat nömrəsi təqdim olunur ki, bu da müraciətin qeydə alındığını və baxılma prosesinə daxil edildiyini təsdiqləyir. Bütün müraciətlər sistemdə növbəlilik prinsipi əsasında qeydiyyata alınır və qiymətləndirmə üçün müvafiq mərhələlərdən keçir.

2

Kreditin anderraytinqi

Bu mərhələdə təqdim edilən sənədlər əsasında müraciətçinin ödəmə qabiliyyəti və əmlakın dəyəri qiymətləndirilir. Nəticədə, müvəkkil bank kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.

3

İpoteka kreditinin rəsmiləşdirilməsi

Bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar dövlət qeydiyatına alınır.

4

Kreditin verilməsi

Bu qərar kreditin məbləği, müddəti, faiz dərəcəsi və digər şərtlərlə bağlı təsdiq edilir. Kredit təsdiqləndikdən sonra borcalan müvafiq müqavilə bağlayır və əmlak üzərində mülkiyyət hüququ yaradılır.

5

Kredit üzrə öhdəliklərin icrası

İpoteka krediti alan şəxs kredit müqaviləsində göstərilən şərtlərə əsasən, müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq aylıq ödənişlərini vaxtında və tam şəkildə həyata keçirməlidir.

İpoteka kreditiniz üçün tələb olunan əlavə 
xərclər nələrdir?


İpoteka krediti götürərkən əsas kredit məbləği ilə yanaşı, müxtəlif xərclər də nəzərə alınmalıdır. Bu xərclərə ilkin ödəniş, bank komissiyaları, qiymətləndirmə və sığorta haqları, dövlət rüsumları və notarial xərclər daxildir.

Müraciət etməzdən əvvəl bu ödənişləri hesablayaraq aylıq maliyyə planınızı daha düzgün qurmaq vacibdir. İpoteka ilə bağlı bütün potensial xərclər haqqında ətraflı məlumat almaq üçün rəsmi sənədləri və bankın şərtlərini diqqətlə nəzərdən keçirin.

İpoteka krediti ilə bağlı xərclər cədvəli

Faiz dərəcələri

Kreditlər üzrə maksimal illik faiz dərəcələri

Zəmanət verilməmiş kreditlər üzrə

İpoteka kreditləri: 8%

Güzəştli ipoteka kreditləri: 4%

Kreditlər üzrə maksimal illik faiz dərəcələri

Zəmanət verilmiş kreditlər üzrə

İpoteka kreditləri: 7%

Güzəştli ipoteka kreditləri: 3,7%

Kreditlər üzrə maksimal illik faiz dərəcələri

Fondun kotirovka dərəcələri

İpoteka kreditləri: 4%

Güzəştli ipoteka kreditləri: 1%

İpoteka kreditlərinə zəmanətlərin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”na uyğun  tənzimlənir.  Zəmanətin verilməsinə dair şərtlər aşağıdakı kimidir: 

  • İpoteka krediti almaq istəyən şəxsin və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğinin 50 faizindən az götürülə bilməz.

  • Zəmanət “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq rəsmiləşdirilmiş ipoteka krediti üzrə verilir;

  • Zəmanət verilən ipoteka kreditinin məbləğinin ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən kreditin verilmə tarixinə müəyyən edilən qiymətinə nisbəti 60 faizdən az, 85 faizdən isə çox olmamalıdır;

  • İpoteka krediti almaq istəyən şəxsin gəlirləri ən azı müraciətindən əvvəlki ardıcıl gələn 12 aylıq dövrü əhatə etməli və ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ ipoteka krediti almaq istəyən şəxsin aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır;

Zəmanət haqları ilkin ödənişdən və kreditin müddətindən asılı olaraq birdəfəlik və hissəvi ola bilər. Zəmanət haqqı üzrə tarif dərəcələri aşağıdakı kimidir:

İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazimdir?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

İpoteka kreditləri almaq üçün minimal əmək haqqina tələb varmi?

Xeyr, əmək haqqına minimal tələb qoyulmamışdır.

Borcalanin ilkin qiymətləndirilməsi üçün hansi sənədlər tələb olunur?

 Bunun üçün heç bir sənədin təqdim olunması tələb olunmur. İlkin qiymətləndirmə zamanı bankda müvafiq ərizənin doldurulması və lazımi məlumatların təqdim edilməsi nəzərdə tutulur.

Kreditin alinmasi ilə bağli borcalan hansi xərcləri ödəyir?

 İpoteka kreditinin alınması ilə bağlı xərclərə bax.

Kreditin alinmasinda yaş məhdudiyyəti varmi?

 Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.

Mülkiyyətində yaşayiş sahəsi olan şəxs ipoteka krediti ala bilərmi?

Bəli, ala bilər.

İpoteka krediti vasitəsi ilə rayonda yerləşən mənzil və ya ev almaq olarmi?

İpoteka kreditləşməsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

İpoteka krediti ilə alinacaq yaşayiş sahəsinin qiymətləndirilməsində hansi meyarlar əsas götürülür?

Yaşayış sahəsinin qiymətləndirilməsi zamanı müvəkkil qiymətləndiricilər tərəfindən yaşayış sahəsinin təmirlilik səviyyəsi, yerləşdiyi ərazi, otaqların sayı, ilkin və ya təkrar bazar göstəriciləri nəzərə alınır.

İpoteka krediti ilə hansi yaşayiş sahəsini almaq olar?

İpoteka krediti, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilir.

Torpaq sahəsi əldə etmək üçün ipoteka krediti almaq olar?

Xeyr, almaq olmaz.                                                                                                                                                                                                                                       

Ayliq məcmu gəlir nədir?

Aylıq məcmu gəlir - borcalanın (borcalanların) yalnız sabit və sənədlə təsdiq edilən bütün növ gəlirlərinin ortaaylıq məbləğinin məcmusudur.

İpoteka verilməsi zamani potensial borcalanin qeyri-rəsmi gəlirləri nəzərə alinirmi?

Xeyr, ipoteka kreditlərinin verilməsi zamanı potensial borcalanın yalnız rəsmi gəlirləri nəzərə alınır. Bunlara aşağıdakılar aiddir:

1.Muzdlu işlə əlaqədar aylıq məcmu gəlir:

iş yeri üzrə əsas və əlavə gəlir (əmək haqqı, əmək haqqına əlavə, mükafat və s.);

istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə davamlı ödənclər.

 2. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir

faiz gəliri;

dividend;

qiymətli kağızlardan əldə olunan gəlirlər;

əmlakın icarəyə verilməsindən gəlir;

royalti.

Bu gəlirlər ipoteka kreditinin verilməsi üçün tələb olunan aylıq gəlirin ən çoxu 50 faizi həcmində nəzərə alınır.

 3. Sahibkarlıq fəaliyyətindən gəlir:

Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bu zaman borcalan (borcalanlar) ən azı son 12 (on iki) ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə ortaaylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 70 faizindən çox ola bilməz.

 4. Cari transfertlər (əmək pensiyaları, sosial müavinətlər (birdəfəlik müavinətlər istisna olmaqla), təqaüdlər, sığorta ödənişləri, maddi yardımlar (birdəfəlik maddi yardımlar istisna olmaqla) və aliment).

Borcalanin orta ayliq gəliri necə hesablanir?

Borcalanın (borcalanların) ortaaylıq gəliri aşağıdakı qaydada hesablanır:

-          borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində olan ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;

-          borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə;

-          borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində tarif (vəzifə) maaşı azaldıqda, ortaaylıq gəlir müvafiq dəyişiklikdən sonrakı formalaşmış gəlirlərin faktiki ayların sayına bölünməsi yolu ilə.

Borcalanın (borcalanların) ortaaylıq gəliri hesablanarkən vergi, sosial sığorta haqları və digər məcburi dövlət ödənişləri borcalanın (borcalanların) gəlirindən çıxılır.

İlkin ödəniş mütləqdirmi?

Bəli. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır. Belə ki, alınan yaşayış sahəsinin qiymətinin ən azı 15% -dək olan hissəsi (güzəştli kreditlər üçün ən azı 10%) borcalanın şəxsi vəsaiti hesabına ödənilməlidir. Borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği müstəqil qiymətləndirici şirkətlər tərəfindən alınan yaşayış sahəsinin bazar dəyərinin qiymətləndirilməsi nəticəsində müəyyən olunur və satıcıya çatır.

Siğorta və qiymətləndirici şirkətlərin seçimində bankin iştiraki mütləq şərtdirmi?

Hər bir borcalan Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil təşkilatlarının siyahısına daxil olan qiymətləndirici şirkətlərin seçimində tam azaddır. Lakin sığorta şirkətinin seçilməsi müvəkkil bankla razılaşdırılmış qaydada həyata keçirilir.

Bir ailədən neçə nəfər ipoteka krediti ala bilər?

Ailə üzvlərinin maddi vəziyyəti imkan verdiyi, hər bir ailə üzvünün saxlanılması üçün xərc ödənildiyi halda ipoteka kreditinin verilməsinə dair heç bir məhdudiyyət qoyulmur. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

İpoteka krediti alarkən ipoteka (girov) tələb olunurmu?

İpoteka krediti mülkiyyət hüququ rəsmiləşdirilmiş yaşayış sahəsinin özünün girov qoyulması şərtilə verilir.

Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi?

Xeyr. İpoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir.

Həyat siğortasi müqaviləsi mütləqdirmi?

Bəli. Qeyd etdiyiniz sığorta növü həyatınızın və ya əmək qabiliyyətinizin itirilməsi halında sizin kredit müqaviləsi üzrə qalıq borcunuza bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilməsi üçün lazımdır. Bu zaman mənziliniz sizin mülkiyyətinizdə (və ya sizin varislərinizin mülkiyyətində) qalacaqdır. Sizin kredit borcunuz isə tam ödəniləcəkdir.

Mən ipoteka ilə aldiğim mənzili satmaq istəyirəm, bu mümkündürmü?

Qanunvericiliyə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.6-cı maddəsinə əsasən  ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, ipoteka qoyan ipoteka saxlayanın razılığı olmadan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. Bu zaman ipoteka saxlayan notariusa təqdim etmək üçün ipoteka qoyana əsas öhdəliyin həcmi barədə arayış vermək vəzifəsi daşıyır. 

Vətəndaşa hansi məbləğdə ipoteka krediti düşür?

Bu zaman  vətəndaş Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsinə (www.mcgf.az) daxil olub "İpoteka Kalkulyatoru" bölməsi vasitəsi ilə hansı məbləğdə ipoteka krediti əldə edə  biləcəyi haqqında məlumat ala bilər bilər.

İpoteka krediti üzrə zəmanət nədir?

İpoteka kreditlərinə zəmanətlərin verilməsi əsas məqsədi əhalinin daha böyük təbəqəsinin ipoteka kreditlərinə çıxışını təmin etmək, eyni zamanda, kredit təşkilatlarını ipoteka kreditinin defoltu səbəbilə yarana biləcək itkilərdən qorumaqdır. İpoteka krediti üzrə zəmanətin verilməsi potensial borcalana daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti almağa imkan verir.

İpoteka krediti üzrə zəmanəti kimlər və hansi qaydada ala bilər?

İpoteka kreditləri üzrə zəmanət “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq rəsmiləşdirilmiş ipoteka kreditlərinə verilir. Zəmanətin verilməsi ilə bağlı rəsmiləşdirilmə işləri borcalanın müraciət etdiyi bank tərəfindən həyata keçirilir.

İpoteka krediti üzrə zəmanət hansi şərtlərlə verilir?

İpoteka kreditlərinə zəmanətlərin verilməsi şərtlərinə bax

İpoteka krediti üzrə zəmanətin alinmasi ilə bağli borcalan tərəfindən hər hansi ödənişin həyata keçirilməsi nəzərdə tutulurmu?

Bəli. Borcalan ipoteka kreditinə zəmanət verilməsi ilə bağlı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna zəmanət haqqı ödəyir. Zəmanət haqqı birdəfəlik və hissəvi olmaqla 2 növdən ibarətdir. Zəmanət haqqının kreditin müddətindən və kreditin məbləğinin girova olan nisbətindən asılı olaraq müxtəlif illik tarif dərəcələri mövcuddur. İpoteka kreditlərinə zəmanətlərin verilməsi şərtlərinə bax.

Daha çox

Maarifləndirici məlumatlarla əsas anlayışları
öyrənin və düzgün addımlar atın


İpoteka üzrə yaddaş kitabçasi

İpoteka üzrə terminlər

“Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə ipoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı

İpoteka kreditləşməsi üzrə
müvəkkil təşkilatlar

"Access Bank" QSC

Veb sayt: www.accessbank.az

Elektron ünvan: info@accessbank.az

Tel: 151

"Kapital Bank" ASC

Veb sayt: www.kapitalbank.az

Elektron ünvan: office@kapitalbank.az

Tel: (+994 12) 493 66 30; (+994 12) 493 79 05

"Azərbaycan Beynəlxalq Banki" ASC

Veb sayt: www.ibar.az

Elektron ünvan: ibar@ibar.az

Tel: (+994 12) 493 00 91; (+994 12) 493 40 91

Azərbaycan Sənaye Banki” ASC

Veb sayt: www.asb.az

Elektron ünvan: info@asb.az

Tel: (+994 12) 493 49 49; (+994 12) 493 14 16