Kirayə mənzil almaq üçün müəyyən 
edilən kriteriyalara uyğunluq tələb olunur

  • Kirayə şərtləri sadə və şəffafdır:

    Müddət: 3 ildən 25 ilə qədər Ödəniş valyutası: Azərbaycan manatı Ödəniş valyutası: Azərbaycan manatı

  • Kimlər müraciət edə bilər?

    Azərbaycan vətəndaşı olan şəxslər. Azərbaycan vətəndaşı olan şəxslər. Azərbaycan vətəndaşı olan şəxslər.

Kirayə mənzilin verilmə şərtləri

Satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayiş sahəsinin 

Əldə edilməsi üçün tələb olunan sənədlər

 

Satmaq öhdəliyi ilə kirayə üçün müraciətə dair ilkin tələblər:

  • Gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza)

  • Elektron İpoteka və Kredit Zəmanət Sistemində gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza) ilə yaradılan elektron kabinet

  • Elektron kabinetdə doldurulan müvafiq ərizə-anket

Yaşayış sahəsinin əldə edilməsinin ardıcıl mərhələləri:

Kirayə üçün müraciət

  • Satmaq öhdəliyi ilə kirayə müqaviləsinin bağlanılması üçün ərizəçinin və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvlərinin müraciəti gücləndirilmiş elektron imza sertifikatı ilə Elektron Hökümət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Elektron İpoteka və Kredit Zəmanət” sistemində (EİKZS) yaradılan elektron kabinet vasitəsilə edilir. Elektron kabinetdə ərizəçi və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvləri barəsində zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, kredit bürolarına, fiziki və hüquqi şəxslərə Fond tərəfindən sorğu göndərilməsinə razılıqları verilir və ilkin qiymətləndirmənin şərtlərinə uyğun olduqları halda tərəflərindən müvafiq ərizə-anket forması doldurulur. Müraciətlər real vaxt rejimində EİKZS-də qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir.

İlkin qiymətləndirmə

  • İlkin qiymətləndirmə EİKZS-də müvafiq sorğu nəticəsində əldə edilmiş məlumatlar əsasında elektron qaydada həyata keçirilir. İlkin qiymətləndirmə zamanı ərizəçinin və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvlərinin aşağıdakı tələblərə uyğunluğu yoxlanılır: a. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti; b. məhkumluğun olmaması; c. müraciət anına vaxtı keçmiş öhdəliklərin olmaması; d. müraciət anına yaşın 60 yaşdan yuxarı olmaması; e. sənədlə təsdiq edilən gəlirlərə malik olması. Ərizəçi tələblərdən hər hansı birinə və ya bir neçəsinə uyğun olmadıqda, EİKZS vasitəsi ilə ərizəçiyə bu barədə məlumat verilir və ərizə-anket formasının doldurulmasından avtomatik olaraq imtina edilir. Gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvü tələblərdən hər hansı birinə uyğun olmadıqda, EİKZS vasitəsi ilə həmin ailə üzvünə bu barədə məlumat verilir və ərizə-anket formasının doldurulmasından avtomatik olaraq imtina edilir.

Müraciətə baxılma

  • müraciətlərə baxılma aşağıdakı mərhələlərin ardıcıllığı ilə həyata keçirilir: 1) Görüşün keçirilməsi - Fondun kirayə mənzil bölməsi tərəfindən ərizə-anket formasını dolduran ərizəçi ilə növbəlilik əsasında görüş keçirilir. Görüş zamanı ərizəçi kredit tarixçəsini və gəlirlərini təsdiq edən sənədləri və digər müvafiq təsdiqedici sənədləri təqdim etməlidir. Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü də müraciət etdikdə, həmin ailə üzvü də ərizəçi ilə eyni vaxtda görüşdə iştirak etməklə kredit tarixçəsini və gəlirlərini təsdiq edən sənədləri və digər müvafiq təsdiqedici sənədləri təqdim etməlidir. Təyin edilmiş vaxtda görüşə gəlməyən ərizəçinin növbəsi ləğv edilir. 2) Kredit tarixçəsinin təhlili - kredit tarixçəsi kredit büroları və digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında təhlil edilir və ərizəçinin maliyyə intizamı qiymətləndirilir. Təhlilin nəticəsinə əsasən ərizəçinin kredit tarixçəsi “müsbət”, “qənaətbəxş” və ya “mənfi” olaraq qiymətləndirilir: Aşağıdakı tələblərin hər birinə riayət olunduğu halda, kredit tarixçəsi “müsbət” olaraq qiymətləndirilir: a. ərizəçinin kredit tarixçəsinin müddəti ən azı 12 ay olduqda; b. ərizəçinin son 24 ay ərzində 60 gündən çox gecikdirilmiş öhdəlikləri olmadıqda; Aşağıdakı hallarda kredit tarixçəsi “qənaətbəxş” olaraq qiymətləndirilir: a. ərizəçi kredit tarixçəsinə malik olmadıqda; b. “müsbət” və ya “mənfi” kredit tarixçəsinə aid olmayan hallarda. Ərizəçinin son 12 ay ərzində 90 gündən çox gecikdirilmiş öhdəliyi olduqda, kredit tarixçəsi “mənfi” olaraq qiymətləndirilir. Gəlirlərinin nəzərə alınması üçün müraciət edən ailə üzvünün kredit tarixçəsi kredit büroları və digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında təhlil edilir və ərizəçinin kredit tarixçəsinin qiymətləndirilməsi tələblərinə uyğun olaraq qiymətləndirilir. 3) Gəlirlərin təhlili - ərizəçinin gəlirlərinin təhlili onun aylıq məcmu gəlirləri əsasında həyata keçirilir. Ərizəçinin aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Bu cür gəlirlərə əmək haqqı, sahibkarlıq (ən azı son 12 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır) və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, əmək pensiyaları, sosial müavinətlər, alimentlər və sair rəsmi gəlirlər aid edilir. Ərizəçinin gəlirləri EİKZS vasitəsi ilə əldə edilən məlumatlara və ya ərizəçi tərəfindən görüş zamanı təqdim edilən vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Həmçinin AR Vergilər Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s.) muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan və qanunvericiliklə nəzərdə tutulan vergi və digər ödəmələri vaxtında həyata keçirən sabit vergi ödəyicilərinin (ərizəçi) orta aylıq gəlirləri fəaliyyət göstərdiyi müddətdən asılı olaraq aşağıdakı qaydada hesablanır: 1. müraciət anına 6 aydan 12 aya kimi müvafiq fəaliyyətlə məşğul olduqda, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 2 misli məbləğində; 2. müraciət anına 12 aydan 36 aya kimi müvafiq fəaliyyətlə məşğul olduqda, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 4 misli məbləğində; 3. müraciət anına 36 aydan yuxarı müddətə müvafiq fəaliyyətlə məşğul olduqda, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 6 misli məbləğində. Eyni zamanda Qaydaya görə sabit vergi ödəyicilərindən gəlirlərini təsdiq etmələri tələb olunmur. Yalnız onların qeyd olunan fəaliyyətlə məşğul olmalarına dair məlumatlar elektron sistem vasitəsilə əldə olunur. Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, onun orta aylıq gəlirləri ərizəçinin gəlirlərinin təhlili ilə eyni qaydada hesablanır və ərizəçi ilə həmin ailə üzvünün orta aylıq gəlirinin cəmi ərizəçinin orta aylıq gəlirini təşkil edir. 4) Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsi - ərizəçinin kirayə müqaviləsi üzrə aylıq ödənişinin maksimal məbləği onun xalis orta aylıq gəliri əsasında müəyyən edilir. Ərizəçinin xalis orta aylıq gəliri hesablanarkən onun orta aylıq gəlirindən aşağıdakı xərclər çıxılır: a. ərizəçi və onun hər bir ailə üzvünə görə ölkə üzrə yaşayış minimumu məbləği; b. ərizəçinin kredit təşkilatlarından aldığı kreditlər, o cümlədən kredit xətləri üzrə icra olunmamış öhdəlikləri və zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər üzrə ödəniş cədvəlində müəyyən olunmuş aylıq ödənişlər. Gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçinin orta aylıq gəlirindən əlavə olaraq ailə üzvünün xərcləridə yuxarıda verilən ərizəçinin xalis orta aylıq gəlirinin müəyyən olunduğu qaydaya uyğun olaraq çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri müəyyən edilir. Kredit tarixçəsinin keyfiyyətindən asılı olaraq ərizəçinin xalis orta aylıq gəliri (gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçi və ailə üzvünün kredit tarixçələrindən daha aşağı qiymətləndiriləni əsas götürülməklə) aşağıdakı qaydada müəyyən edilir: kredit tarixçəsi “müsbət” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla. kredit tarixçəsi “qənaətbəxş” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 50 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla. Kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla. Gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçinin orta aylıq gəlirindən əlavə olaraq ailə üzvünün xərcləri də yuxarıdakı qaydaya uyğun olaraq çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri müəyyən edilir. Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği ərizəçinin xalis orta aylıq gəlirinin 100 faizi həddində müəyyən edilir. Misal: Ərizəçinin orta aylıq gəliri 1200 Azərbaycan manatı (AZN) təşkil etdiyi, özündən başqa ailə üzvü olmadığı, 100 AZN məbləğində kredit xətti üzrə aylıq ödənişi olduğu və kredit tarixçəsi “mənfi” qiymətləndirildiyi təqdirdə, onun orta aylıq gəlirindən (1200 AZN) yalnız onun özünə görə yaşayış minimumu məbləğinin 100 faizi (190 AZN) və kredit xətti üzrə aylıq ödənişin məbləği (100 AZN) çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri (1200-190-100=910 AZN) müəyyən olunur. Ərizəçinin 910 AZN məbləğində müəyyən edilmiş xalis orta aylıq gəlirinin 100 faizi götürülməklə kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği 910 AZN təşkil edəcək. Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği müəyyən edilərkən nəzərə alınır ki, kirayə müqaviləsinin müddəti ilə ərizəçinin müraciət anına yaşının cəmi 70 ildən çox olmasın. Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsindən sonra ərizəçiyə kirayə müqaviləsinin bağlanılmasına razılıq verilməsi və ya bağlanmasından imtina olunması barədə son qərar verilir.

Kirayə üçün yaşayış sahəsinin seçilməsi

  • Razılıq barədə qərar ərizəçinin elektron kabinetində yerləşdirildiyi gün ərizəçi EİKZS-də kirayə üçün yaşayış sahəsini seçmək hüququ əldə edir. EİKZS-də ərizəçiyə yalnız razılıq barədə qərarda göstərilən kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinə uyğun yaşayış sahələri seçim üçün təklif olunur. Ərizəçi EİKZS-də 12 aylıq qabaqcadan ödəniş məbləğindən əlavə ödəniş etmək barədə öhdəlik götürdükdə, əlavə ödənişə uyğun olaraq elektron sistemdə daha yüksək aylıq ödənişi olan yaşayış sahələri seçim üçün təklif olunan yaşayış sahələrinin siyahısına əlavə olunur.

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi və qüvvəyə minməsi

  • Bu mərhələdə kirayə müqaviləsi Fondun səlahiyyətli nümayəndəsi və ərizəçi tərəfindən imzalanmaqla notariat qaydasında rəsmiləşdirilir. Kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir.

Kirayə yaşayış sahəsinin təhvil verilməsi

  • Fond kirayə müqaviləsi qüvvəyə mindikdən sonra həmin müqavilə ilə müəyyən edilən müddətdə yaşayış sahəsini kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verir.

Kirayə müqaviləsi üzrə öhdəliklərin icrası

  • Kirayəçi yaşayış sahəsini istifadəyə qəbul edib müəyyən edilmiş ödəniş cədvəlinə uyğun olaraq kirayə müqaviləsi üzrə ödənişlərini aparmalıdır.

Kirayə müqaviləsi üzrə hüquq və vəzifələrin ötürülməsi

  • Kirayəçi kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq kirayə müqaviləsi üzrə hüquqlarını və öhdəliklərini üçüncü şəxsə güzəşt etmək niyyəti barədə Fonda müraciət etdikdə və ya bu cür zərurət yarandıqda, Fond kirayəçinin təklif etdiyi namizədin bu Qaydalara uyğun olaraq ilkin qiymətləndirilməsini, kredit tarixçəsinin və gəlirlərinin təhlilini həyata keçirir, əlavə olaraq kirayə müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi üçün edilən müraciətin aşağıdakı tələblərdən birinə cavab verməsini yoxlayır: kirayə müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi üçün müraciət həmin kirayə müqaviləsinin qüvvəyə mindiyi tarixdən 12 aydan tez edilə bilməz; kirayə müqaviləsinin qüvvəyə mindiyi tarixdən 12 ay ərzində həmin kirayə müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi üçün müraciət aşağıdakı hallarla əlaqədar əsaslandırılmalı və müvafiq təsdiqedici sənədlər kirayəçi tərəfindən Fonda təqdim edilməlidir: kirayəçinin və gəliri nəzərə alınan ailə üzvünün gəlirinin azalması və ya itirilməsi halında əmək haqqı üzrə bank hesabından çıxarış, iş yerindən arayış, əmək müqaviləsinə xitam verilməsinə dair qeyd yazılan əmək kitabçası, işaxtaran kimi qeydiyyata alınmasına və işsiz statusu almasına dair sənəd, gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi və ya sahibkarlıq fəaliyyətinin dayandırılmasını təsdiq edən sənəd və s.; kirayəçinin özünün, gəliri nəzərə alınan ailə üzvünün və ya yaşayış sahəsində qeydiyyatda olan və onunla birlikdə yaşayan ailə üzvünün xəstəlik, bədbəxt hadisə və ya ölüm hadisəsi halında xəstəlik vərəqəsi, əlillik dərəcəsinin verilməsinə dair tibbi sosial ekspert komissiyasının rəyi, ölüm haqqında şəhadətnaməsi və s.; kirayəçinin müntəzəm xərclərinin artması (aliment, dövlət qurumları tərəfindən məcburi ödənişlərin tətbiqi ilə bağlı xərclər (ən azı 6 aylıq dövrü əhatə etməlidir), özü, əri/arvadı və ya övladının ödənişli əsaslarla ali təhsil alması ilə bağlı xərclər və s.) halında məhkəmə aktları, maliyyə sanksiyalarının tətbiq edilməsinə dair sənədlər, dövlət orqanlarının qəbul etdiyi sərəncamlar və qərarlar, ödənişli əsaslarla ali təhsilin alınmasına dair sənəd və s.; kirayəçinin hərbi xidmətə çağırılması halında müvafiq dövlət qurumunun təqdim etdiyi arayış və ya çağırış vərəqəsi; uzun müddətə ölkə xaricinə köçməsi halında müvafiq təsdiqedici sənəd; kirayəçinin iş yerinin, ailə statusunun dəyişməsi və ya digər səbəblərdən yaşayış yerinin dəyişməsi halında müvafiq təsdiqedici sənədlər.

Yaşayış sahəsinin əldə edilməsi üzrə ardıcıllıq:

Məmnuniyyətli kirayəçilər,
xidmət keyfiyyətimizin əsas göstəricisidir

Sorğu anketi
08.04.2021

Rasim Salmanov, Bakı şəhəri

İpoteka Kredit və Zəmanət Fondunun yeni layihəsi olan kirayə mənzillərdən sərfəli şərtlərlə yoldaşımın adına (Salmanova Fidan Hafis qızı) ev əldə elədim. Aldığım mənzil Xətai rayonunda yerləşən Xətai Park yaşayış kompleksində yerləşir. Mənzil əla təmirli təhvil verildi və Fondun əməkdaşlarının hər bir məsələdə xüsusi diqqət və qayğıları bir vətəndaş olaraq məni sevindirdi. Fondun bu məsələdə əziyyəti keçən hər bir əməkdaşına öz təşəkkürümü bildirirəm.

Hörmətlə,
Rasim Salmanov

08.04.2021

Azər Mustafayev, Bakı şəhəri

Məlumat üçün bildirmək istərdim ki, İpoteka və Kredit Zəmanət Fondun kirayə mənzil layihəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsindən mənzil əldə etmişəm. Qeyd edilən mənzilin əldə edilməsi üçün təqdim edilən elektron kabinet, kabinetin funksionallığı, mənzillə bağlı məlumatları tam əhatə etməsi, müraciətin statusu barədə real vaxt rejimində olan bildirişlər və s. elektron xidmətlərin keyfiyyətindən məmnun olduğumu bildirmək istərdim. Əlavə olaraq, müraciət zamanaı sənədlərin qəbulu prosossesi, müraciət üzrə qərarın qısa vaxt ərzində verilməsi Fondun vətəndaşların razılığına da önəm verdiyinin bariz göstəricisi kimi dəyərləndirə bilərdim.

Fondun təqdim etdiyi layihənin sərfəli olmağı, şərtlərin asanlığı və binanın keyfiyyətini barədə eyni ünvanda kirayə mənzil əldə edən dostumdan məlumat almışam və ona da öz təşəkkürümü bildiriəm.

Hörmətlə,
Azər Mustafayev

07.04.2021

Asiman Süleymanlı Cahid qızı, Bakı şəhəri

İlk öncə nümunəvi və peşəkar xidmət,diqqət və müştəriyə olan qayğınıza görə hər birinizə minnətdarlığımı bildirmək istəyirəm. Fondun təklif etdiyi Xətai rayonu, Gəncə prospekti ünvanında yerləşən kirayə mənzil layihəsindən 2 otaqlı mənzil üçün müraciət etdim. Fondun əməkdaşlarının göstərdiyi çevik və operativ xidməti əsasında çox qısa zamanda mənzil sahibi oldum. İstər layihə barədə məlumatlandırma, yaranan suallara qısa müddətdə cavablandırma, sənədlərin qısa müddətdə təqdim edilməsi prosesi, mənzil seçimindən sonra sənədlərin qeydiyyata alınması, dərhal sonra mənzilin təhvili prosesi, açarların təqdim edilməsi prosesi çox uğurla və qısa zamanda həll edildi. Bu isə İKZF əməkdaşlarının, xüsusi ilə də kirayə mənzil layihəsi üzrə çalışan əməkdaşların necə uğurlu,peşəkar bir iş qrafikində çalışmaqlarının göstrəcisidir.

Gənc yaşda məni və mənim kimi bir çox gənci bu layihə sayəsində mənzil sahibi etməyiniz bizi çox sevindirir.

Göstərdiyiniz qüsursuz və mükəmməl xidmətinizə görə hər birinizə dərin hörmət və təşəkkürümü bildirirəm. Hər birinizə bu çətin fəaliyyətinizdə uğurlar arzu edirəm!

Hörmətlə,
Asiman Süleymanlı Cahid qızı

02.04.2021

Zümrüd Səmədova Səməd qızı, Bakı şəhəri

Mən Səmədova Zümrüd Səməd qızı İpoteka və Zəmanət Fondununun dəstəyi ilə mənzil əldə edən şanslı insanlardan biriyəm. Bu cür gözəl layihəni həyata keçirdiyiniz üçün Sizə minnətdaram.

Layihənizi gördükdə mənim üçün ən uyğun şərtlər olduğunu müəyyən etdim. Bu səbəbdən də vaxt itirmədən müraciət etmək qərarına gəldim. Bu layihənin ən gözəl tərəflərindən biri hazırki dövrün tələblərinə cavab verməsidir, yəni müraciətin ilkin və sonrakı pillələrinin elektron qaydada olmasıdır. Təqdim etdiyim sənədlər tələblərə cavab verdiyi üçün qısa zaman ərzində mənzil sahibi oldum.

Biz gənclər üçün bu cür gözəl və sərfəli şərtlərlə həyata keçirdiyiniz layihəyə görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,
Zümrüd Səmədova Səməd qızı

Hansı yaşayış sahələrini fondun xətti ilə kirayə götürmək olar?

2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələrini və ya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış binanın paylarla bağlı tərkib hissəsini, həmçinin Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələrini Fond ilə kirayə müqaviləsi bağlayıb kirayə götürmək olar.

Kirayəçi kimdir?

Kirayəçi Fondla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlamış şəxsdir. Kirayə müqaviləsi bağladıqdan sonra aylıq ödənişin minimum 12 mislini qabaqcadan ödəyən kirayəçi Fond tərəfindən təqdim edilən müvafiq yaşayış sahəsində kirayə qalmaq hüququ qazanır.

İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

Fondun satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsini hansı qaydada mülkiyyətimə keçirə bilərəm?

Əvvəlcədən müəyyən edilmiş şərtlərə və tələblərə uyğun olan vətəndaşla Fond arasında satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılır və həmin müqavilə üzrə kirayəçi öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirərsə, kirayə qaldığı yaşayış sahəsi yekunda müfaviq sənədləşmə işləri aparılmaqla kirayəçinin mülkiyyətinə keçir. 

Misal: Siz Fond ilə 15 il müddətinə kirayə müqaviləsi bağlayırsız. Kirayə verilən yaşayış sahəsinin alış qiyməti 100 000 manat təşkil edir. Qabaqcadan aylıq ödənişin 12 mislini (100 000 manat alış qiyməti) / 180 ay = aylıq ödəniş 555,55 manat * 12 ay qabaqcadan ödəniş = 6666,67 manat) ödədikdən sonra sizin 14 il ərzində hər ay 555,55 manat (100 000 manat alış qiyməti – 6666,67 manat 12 ay qabaqcadan ödəniş = 93333,33 manat qalıq borc / 168 ay = 555,55 manat aylıq ödəniş) ödəniş etmək öhdəliyiniz qalır. Alış qiymətinin qalıq hissəsinin tam məbləğini ödədiyinizdən sonra Fond Sizə kirayə götürülmüş yaşayış sahəsinin mülkiyyətinizə keçirilməsi üçün qeydiyyat orqanına təqdim edilməsi məqsədilə müvafiq sənədləri təqdim edir.

Satmaq öhdəliyi ilə kirayə müqaviləsi nədir?

Kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanılan müqavilədir.

Fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahəsinin alış qiyməti deyildikdə nə başa düşülür?

Kirayə müqaviləsinin müddətinin sonunadək kirayəçinin yaşayış sahəsini əldə etmək üçün ödəməli olduğu aylıq ödənişlərin cəmi (bu qiymət yaşayış sahəsini Fondun satın aldığı qiymətdən, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı çəkilmiş digər xərclərdən, Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərindən, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalardan, yaşayış sahəsinin Fond tərəfindən saxlanması, sığortalanması və idarə edilməsi ilə bağlı bütün xərclərdən formalaşır).

Satmaq öhdəliyi ilə yaşayış sahələrinin kirayəyə verilməsi nə üçün lazımdır?

Şəxsi vəsaiti yaşayış sahəsinin dəyərini birbaşa ödəməyə imkan verməyən, habelə ipoteka kreditinin tələblərini qarşılamağa imkanı olmayan insanları yaşayış sahəsini əldə etmək və ya yaşayış şəraitini yaxşılaşdırmaq imkanları ilə təmin etməkdir.

MİSAL: Ailə alış qiyməti 120 000 manat olan yaşayış sahəsi almaq istəyir. Lakin şəxsi vəsaiti buna kifayət etmir. Bu halda ailə 25 il müddətinə gələcəkdə mülkiyyətə keçməsi məqsədilə yaşayış sahəsini kirayə götürə bilər və bunun üçün cəmi 12 aylıq ödənişi qabaqcadan Fondun hesabına ödəməlidir. Aylıq ödəniş mənzilin alış qiymətinin kirayə müqaviləsi müddətindəki ayların sayına nisbətində müəyyən edilir. Bunun üçün ailə hər ay 400 manat (120 000 manat / 300 ay = 400 manat aylıq ödəniş) ödəmək şərtilə, ilkin olaraq 4800 manat (12 ay * 400 manat aylıq ödəniş) ödəyir.

Mən fondun xətti ilə kirayə mənzil əldə etmək üçün ilk növbədə hara müraciət etməliyəm və hansi tədbirləri görməliyəm?

Əgər Siz kirayə mənzil ilə bağlı şərtləri məqbul sayırsızsa, gücləndirilmiş elektron imza (e-imza və ya ASAN imza) sertifikatı alırsız. Həmin gücləndirilmiş elektron imza ilə Fondun elektron sistemində elektron kabinet yaradırsız. Elektron kabinetdə ərizə-anketi doldurarkən müvafiq məlumatları daxil edirsiniz. Siz müəyyənləşdirilmiş şərtlərə və tələblərə uyğun olarsızsa, sizin elektron kabinetinizə bu barədə məlumat gəlir və ona uyğun mənzili seçmək hüququ verilir. Siz yaşayış sahəsinin seçimini etdiyinizdən sonra elektron kabinetinizə elektron bildiriş göndərilir və kirayə müqaviləsinin bağlanılması üçün ASAN xidmətə yönəldilirsiniz.

Hansı kateqoriya şəxslər üçün güzəştli şərtlər nəzərdə tutulub?

Kirayə mənzil mexanizmi müvafiq tələblərə uyğun hər bir Azəraycan Respublikasının vətəndaşına eyni qaydada şamil edilir.

Mənim gəlirlərimi rəsmi təsdiq edəcək iş yerim yoxdur, lakin sahibkarlıq fəaliyyətim ilə əlaqədar gəlirim kifayət qədərdir. Mən kirayə mənzil götürə bilərəmmi?

Müraciətinizə baxıldığı zaman yalnız vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmış sahibkarlıq fəaliyyətindən gələn gəlirlər nəzərə alınacaqdır.

Mən 2 ilə yaxın müddətdir ki, fərdi olaraq dərzi fəaliyyəti ilə məşğul oluram və sabit vergi ödəyicisi kimi ödənişlərimi vaxtı-vaxtında aparıram. Aylıq gəlirlərimin çox olmasına baxmayaraq, bunu rəsmi olaraq təqdim edə bilmirəm. Mən gəlirlərimi təsdiq edən sənəd təqdim etmədən kirayə mənzil əldə edə bilərəm ?

Bəli. AR Vergilər Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s.)  muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan sabit vergi ödəyiciləri kirayə mənzil üçün müraciət edə bilərlər. Belə ki, sabit vergi ödəyicilərindən gəlirlərini təsdiq etmələri tələb olunumur. Bu zaman onların orta aylıq gəlirləri fəaliyyət müddətindən asılı olaraq ölkə ərazisində cari il üçün mövcud olan minimum aylıq əmək haqqının (hazırda 250 manat) müvafiq mislinə uyğun aşağıdakı qaydada hesablanır:

  1. Müraciət anına 6 aydan 12 aya kimi müvafiq fəaliyyətlə məşğul olduqda ölkə ərazisində cari il üçün mövcud olan minimum aylıq əmək haqqının 2 misli məbləğində, yəni 250 * 2 = 500 manat; 
  2. 12 aydan 36 aya kimi olduqda 4 misli məbləğində, yəni 250 * 4 = 1000 manat
  3. 36 aydan çox olduqda isə 6 misli məbləğində, yəni 250 * 6 = 1500 manat

Bu halda 2 il fəaliyyət müddətinizə uyğun olaraq sizə 1000 manat gəlir təyin olunacaq.

Yaşayış sahələrinin seçimi ekranında əlavə ödəniş bölməsinə daxil olduqda bizə iki seçim imkanı təqdim olunur. Bunların fərqi nədir ?

  1. Mənzillərin aylıq ödənişini maksimal aylıq ödənişinizə uyğunlaşdırılması üçün əlavə ödəniş – Bu bölməyə daxil olduqda sistemdə mövcud olan mənzillərin aylıq ödənişləri sizə təyin olunan maksimal aylıq ödənişə uyğun məbləğdə yenidən hesablanır və seçim üçün təklif olunur.
  2. Misal: Sizə maksimal aylıq ödəniş məbləği 735 manat təyin olunub və siz yaşayış sahələrinin siyahısından aylıq ödənişi 753.53 manat olan mənzili seçmək istəyirsiz. Bu zaman sistem tərəfindən mənzilin aylıq ödənişi sizə təyin olunan maksimal aylıq ödəniş həddinə uyğun yenidən hesablanır və yeni aylıq ödəniş 735 manat müəyyən edilir. Bu zaman həmin mənzili əldə etmək üçün qabaqcadan edəcəyiniz əlavə ödənişin məbləği sistemdə əks olunur.
  3. Maksimal aylıq ödənişinizin nəzərə alınmaması üçün (ödəmə qabiliyyətiniz) əlavə ödəniş – Bu bölməyə daxil olduqda ödəmə qabiliyyətiniz nəzərə alınmadan aylıq ödənişi daha yüksək mənzillər seçim üçün təklif olunur.
  4. Misal: Sizə maksimal aylıq ödəniş məbləği 450 manat təyin olunub və siz yaşayış sahələrinin siyahısından aylıq ödənişi 900 manat olan mənzili seçmək istəyirsiz. Bu zaman sistem tərəfindən sizin ödəmə qabiliyyətiniz nəzərə alınmadan həmin mənzil seçim üçün təklif olunur və bu zaman həmin mənzili əldə etmək üçün qabaqcadan edəcəyiniz əlavə ödənişin məbləği sistemdə əks olunur


Mən aylıq ödənişdən başqa əlavə ödəniş edə bilərəm?

Bəli, avans ödənişlər və yaşayış sahəsinin alış qiymətinin vaxtından əvvəl qismən ödənişlərini edə bilərsiniz:

  1. Yaşayış sahəsinin alış qiymətinin vaxtından əvvəl qismən ödənişi, məbləği ən azı aylıq ödənişin məbləğinə bərabər olmaqla, edirsiniz və ödənişin hansı məqsədlə edilməsinə dair seçiminizi edirsiniz - kirayə müddəti saxlanılmaqla aylıq ödəniş məbləğinin azaldılması və ya aylıq ödəniş məbləği saxlanılmaqla kirayə müddətinin qısaldılması. Etdiyiniz ödənişdən və seçiminizdən asılı olaraq ayın 1- 5 tarixləri ərzində ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada güzəşt tətbiq ediləcəkdir və yeni ödəniş cədvəli tərtib edilərək Sizə təqdim ediləcəkdir.
  2. Avans olaraq aylıq ödənişdən artıq ödəniş etdiyinizdə avans məbləği ödəniş cədvəlinə uyğun olaraq növbəti ödəniş vaxtları çatdıqda aylıq ödənişə yönəldilir.

Kirayə ala biləcəyim yaşayış sahəsinin maksimal alış qiyməti nə qədər ola bilər?

Fondun şərtlərinə və tələblərinə əsasən Sizin kirayə müqaviləsi üzrə aylıq ödənişinizin maksimal məbləği kredit tarixçənizin, gəlirlərinizin və xərclərinizin təhlili əsasında müəyyən edilir (müsbət, qənaətbəxş və ya mənfi kredit tarixçəsi ola bilər). Gəlirlər və xərclər arasında hesablanan fərq nəticəsində yaranan xalis gəlirin məbləğinin əvvəlcədən müəyyən olunmuş 100 faiz həddində aylıq ödənişin maksimal məbləği müəyyən edilir və buna uyğun olaraq Sizə müvafiq alış qiyməti ilə yaşayış sahəsini seçmək imkanı verilir.

Fondun satmaq öhdəliyi ilə kirayə verdiyi yaşayış sahələrini kimlər əldə edə bilərlər?

Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, məhkumluğu olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətlərində olmayan rəsmi gəlirlərə malik Azərbaycan Respublikasının vətəndaşları bu hüquqdan istifadə edə bilər.

Mən kirayə mənzil əldə etmək üçün ailə üzvümlə (valideyinim) müraciət etmək istəyirəm. Mənim hazırda 35 yaşım, ailə üzvümün isə 58 yaşı var. Bu zaman kirayə müqaviləsinin müddəti necə hesablanacaq?

Qaydaya görə kirayə müqaviləsinin maksimal müddəti ərizəçinin yaşı əsasında hesablanır və kirayə müqaviləsinin müddəti ilə ərizəçinin müraciət anına yaşının cəmi 70 ildən çox olmamasına diqqət edilir. Bu halda ərizəçi sizsiniz və 35 yaşınız var. Bu o deməkdir ki, sizə maksimal kirayə müddəti 25 il təyin olunacaq.

Hansı halda mən kirayə müqaviləsi üzrə hüquq və vəzifələrimi başqa şəxsə ötürə bilərəm?

Kirayəçi kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq kirayə müqaviləsi üzrə hüquqlarını və öhdəliklərini üçüncü şəxsə güzəşt etmək niyyəti barədə Fonda müraciət etdikdə və ya bu cür zərurət yarandıqda, Fond kirayəçinin təklif etdiyi namizədin bu Qaydalara uyğun olaraq ilkin qiymətləndirilməsini, kredit tarixçəsinin və gəlirlərinin təhlilini həyata keçirir, əlavə olaraq kirayə müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi üçün edilən müraciətin aşağıdakı tələblərdən birinə cavab verməsini yoxlayır:

  1. kirayə müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi üçün müraciət həmin kirayə müqaviləsinin qüvvəyə mindiyi tarixdən 12 aydan tez edilə bilməz;
  2. kirayə müqaviləsinin qüvvəyə mindiyi tarixdən 12 ay ərzində həmin kirayə müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi üçün müraciət aşağıdakı hallarla əlaqədar əsaslandırılmalı və müvafiq təsdiqedici sənədlər kirayəçi tərəfindən Fonda təqdim edilməlidir:

-        kirayəçinin və gəliri nəzərə alınan ailə üzvünün gəlirinin azalması və ya itirilməsi halında əmək haqqı üzrə bank hesabından çıxarış, iş yerindən arayış, əmək müqaviləsinə xitam verilməsinə dair qeyd yazılan əmək kitabçası, işaxtaran kimi qeydiyyata alınmasına və işsiz statusu almasına dair sənəd, gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi və ya sahibkarlıq fəaliyyətinin dayandırılmasını təsdiq edən sənəd və s.;

-    kirayəçinin özünün, gəliri nəzərə alınan ailə üzvünün və ya yaşayış sahəsində qeydiyyatda olan və onunla birlikdə yaşayan ailə üzvünün xəstəlik, bədbəxt hadisə və ya ölüm hadisəsi halında xəstəlik vərəqəsi, əlillik dərəcəsinin verilməsinə dair tibbi sosial ekspert komissiyasının rəyi, ölüm haqqında şəhadətnaməsi və s.;

-        kirayəçinin müntəzəm xərclərinin artması (aliment, dövlət qurumları tərəfindən məcburi ödənişlərin tətbiqi ilə bağlı xərclər (ən azı 6 aylıq dövrü əhatə etməlidir), özü, əri/arvadı və ya övladının ödənişli əsaslarla ali təhsil alması ilə bağlı xərclər və s.) halında məhkəmə aktları, maliyyə sanksiyalarının tətbiq edilməsinə dair sənədlər, dövlət orqanlarının qəbul etdiyi sərəncamlar və qərarlar, ödənişli əsaslarla ali təhsilin alınmasına dair sənəd və s.;

-          kirayəçinin hərbi xidmətə çağırılması halında müvafiq dövlət qurumunun təqdim etdiyi arayış və ya çağırış vərəqəsi;

-          uzun müddətə ölkə xaricinə köçməsi halında müvafiq təsdiqedici sənəd;

-          kirayəçinin iş yerinin, ailə statusunun dəyişməsi və ya digər səbəblərdən yaşayış yerinin dəyişməsi halında müvafiq təsdiqedici sənədlər.

Əgər kirayə müqaviləsinə mənim hərəkət və ya hərəkətsizliyim nəticəsində xitam verilərsə mən ödədiyim hansı məbləği geri ala bilərəm?

Tərəfinizdən Fonda ödənilmiş aylıq ödənişlər (qabaqcadan ödənilmiş ən azı 12 aylıq ödəniş də daxil olmaqla) Fondun gəliri hesab olunur və geri qaytarılmır.

Fondun satmaq öhdəliyi ilə kirayə verdiyi yaşayış sahəsi hansı kommunal xidmətlərlə təmin edilir?

Fondun xətti ilə kirayə götürüləcək yaşayış sahələri işıq, qaz və su ilə təmin edilir, həmçinin normal yaşam standartlarına uyğun olaraq təmir olunur.

Fond satmaq öhdəliyi ilə kirayə müqaviləsinə hansı halda vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər?

  1. Aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə;
  2. Kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə;
  3. Yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür);
  4. Kirayəçi yaşayış sahəsini Fondun icazəsi olmadan üçüncü şəxsin istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.


Mən və ailə üzvlərim fondun xətti ilə kirayə götürdüyümüz yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyata alına bilərikmi?

Bəli. Satmaq öhdəliyi ilə kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onun ailə üzvləri (yaşayış sahəsində Kirayəçi ilə birlikdə yaşayan Kirayəçinin arvadı (əri), habelə onların uşaqları və valideynləri, habelə yaşayış sahəsinə köçürüldükdə digər qohumlar (Kirayəçinin və ya onun arvadının (ərinin) qardaş və bacısı, baba və nənəsi, o cümlədən Kirayəçinin qəyyumluğunda olanlar və ya onun himayəsində olan şəxslər)) Fondun razılığı ilə kirayə mənzildə yaşayış yeri üzrə qeydiyyata alına bilərlər.

Mən kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış sahəsinin dəyərini birdəfəyə ödəmək istəsəm hər hansı güzəşt tətbiq edilirmi?

Əgər Siz kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin qalıq hissəsini birdəfəyə bağlamaq istəsəniz, bu zaman Fond tərəfindən Sizə qalıq məbləğin müəyyən hissəsi güzəşt edilir. Güzəştlər barədə Elektron kabinetdə güzəştin hesablanması kalkulyatoruna daxil olmaqla məlumat əldə edə bilərsiniz.

Daha çox

Maarifləndirici məlumatlarla əsas anlayışları 

öyrənin və düzgün addımlar atın

"Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidməti üzrə İstifadə təlimatı

Kirayə mənzil üzrə terminlər

*Kirayə mənzil üzrə yaddaş kitabçası

Kirayə mənzil üzrə terminlər